Bu gün 19 noyabr 2013-cü il tarixində Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Qafqaz” mehmanxanasında keçiriləcək “Universal Dövri İcmal: milli məşvərət və rəy bildirmə məqsədi ilə təşkil olunan növbəti stratejı görüş” adlı konfrans keçirilmişdir. Konfransı açıq elan edən Mərkəzin prezidenti Leyla Əliyeva ilk olaraq konfransın cəmiyyətimizə faydasından və beynəlxalq aləm üçün əhəmiyyətindən danışdı. Sonra panellər üzrə mülkiyyət, əmək, qadın və uşaq hüquqları üzrə ekspertlər, Sahib Məmmədov, Zöhrab İsmayıl, Şəhla Ismayilovanın məruzələri dinlənildi. Məruzəçilər Azərbaycanda mülkiyyət hüquqları, əmək hüquqları, qadın və uşaq hüquqlarına dair mövcud problemlərə dair vəziyyəti diqqətə çatdırdı. Sonra birləşmə və sərbəst toplaşma azadlığı, işgəncəyə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüququna dair 2-ci panelin məruzəçiləri İntiqam Əliyev, Əsabəli Mustafayev və Lətafət Məlikova məlumat verdilər. Onlar Azərbaycanda birləşmə və sərbəst toplaşmaq azadlığının təmin olunmasında ciddi problemlərin və məhdudiyyətlərin olduğunu, məhkəmələrin müstəqil orqan olmalı olduğu halda, siyasi sifariş və hakimiyyətin iradəsinə uyğun olaraq qərarlar verdiyini iştirakçıların diqqətinə çatdırdılar. 3-cü panelin məruzəçiləri Emin Hüseynov və Məlahət Nəsibova, həmcinin Eldar Zeynalov Azərbaycanda media, internet və vicdan azadlığı ilə bağlı vəziyyətin ağırlığını və günü gündən çətinləşdiyin diqqətə çatdırdı. İlk öncə Məlahət Nəsibova mediaya qarşı siyasi təzyiqlər və məhkəmə proseslərinin artması, medianın maliyyə vəziyyətinin ağır olmasını və bunun ciddi təhlükə olmasının bildirdi. Sonra Media üzrə mütəxəssis Emin Hüseynov Azərbaycanda Beynəlxalq internet forumun keçiriləcəyini və bu foruma nüfuzlu media və internet sahəsində ixtisaslaşmış təşkilatların nümayəndələrinin dəvət almamasını iştirakçıların nəzərinə çatdirdı. Sonra Universal Dövri İcmal zamanı Azərbaycanla bağlı BMT-nin 157 tövsiyyəsinın mühüm tərəfləri konfrans iştirakçıları tərəfindən müzakirə olundu. Müzakirələr zamanı vəziyyətin yaxşılaşdırılmasına dair bir neçə mühüm qərarlar qəbul olundu. Qərar alındı ki, vətəndaş cəmiyyəti bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.
Sonda Universal Dövri İcmala dair hesabatlara və tövsiyyələrə nəzarət etməli olan BMT-nin yerli nümayəndəliyinin bu məsələyə həssas yanaşmaması, vətəndaş cəmiyyətinin tədbirlərinə qatılmaması, həmçinin Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilin ölkədə insan hüquqlarının kütləvi pozulması hallarına, informasiya əldə etmək hüququnun təmin olunmamasına biganə münasibəti, hakimiyyətin müdafiəçisi qismində çıxış etməsi vətəndaş cəmiyyətini narahat etdiyindən Azərbaycan vətəndaş cəmiyyətinin aktiv təşkilatları BMT-nin Bakı ofisinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyinin ictimai qınağa cəlb edilməsinə dair qərar verdi.
Post Views:
4,513
November 20, 2013